Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Azərbaycanda uzun illərdir ki, iqtidar-xalq birliyi mövcuddur və gündən-günə də güclənir, möhkəmlənir

0

  •         Milli Məclisin deputatı Elman Məmmədov “Xocalının səsi” qəzetinə müsahibə verib:
            - Xocalılar əzəldən Ümummilli lider Heydər Əliyevin siyasi xəttini dəstəkləyiblər. Bu gün də Xocalı rayon sakinləri Ulu öndərin siyasi varisi Möhtərəm Prezident Cənab İlham Əliyevlə həmrəylik nümayiş etdirirlər. İstərdik ki, bu sədaqətin, böyük inamın tarixinə nəzər salaq.
            - Xocalı rayon sakinləri həmişə torpağımıza, Vətənimizə, dövlətimizə bağlı insanlardır. Keçmişdə də belə olubdur, bu gün də belədir, gələcəkdə də belə olacaqdır. Biz Vətənimiz üçün canımızı qurban verməyi bacaran insanlarıq. Xocalılar bunu ağır günlərdə öz əməlləri, öz döyüşkənlikləri, cəsarətləri ilə sübut etdilər. Xocalı rayon tabeliyində olan bütün yaşayış məntəqələri düşmənlərə qarşı layiqli mübarizə apardı.
            Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıdışının ilk günündən Xocalı rayon sakinləri dövlətə necə bağlı olduqlarını, dövlətçiliyə necə sədaqətli olduqlarını bütün ictimai-siyasi, taleyüklü hadisələrdə, seçkilərdə nümayiş etdirdilər. Biz Vətənimizin və dövlətimizin güclü olmasını istəyirik. Bu xocalıların bünövrədən mövqeyidir. Bu mövqe dəyişilməzdir.
            - Bu sualı verməkdə məqsədim ondan ibarətdir ki, Naxçıvanda sizin Ulu öndərlə olan görüşünüzün təəssüratlarını alaq, Şükür Bəşirovun Ağdamdakı mitinqdə: “Bizi bu bəladan ancaq Heydər Əliyev xilas edər” sözlərinə yenidən nəzər yetirək. 
            - Bəli, mən 1991-ci il sentyabr ayının 30-da Naxçıvana getmişdim. O zaman mən iki məsuliyyətli vəzifə daşıyırdım. Xocalı Ərazi Partiya Komitəsinin birinci katibi və Xocalı Ərazi Dövlət Komitəsinin sədri vəzifələrini icra edirdim. Bu vəzifələri təbii ki, itirə bilərdim. Ovaxtkı iqtidarın Heydər Əliyevə olan münasibəti məlum idi. Mən o cəsarəti, qətiyyəti göstərdim. Bir müdrik insanın, dövlətçi insanın, Azərbaycan xalqının ağsaqqalının görüşünə getdim. Gəlişim ona xəbər verilən kimi məni dəvət etdi. Naxçıvanın Ali Məclisinin növbədənkənar sessiyasında çıxış etdim. Ulu öndərin dövləti, Vətəni qorumaq, şücaət göstərmək haqqında tövsiyələrini dinlədim, məsləhətlərinə qulaq asdım.
            Şükür Bəşirovun çıxışı olan kadrlara hamımız baxmışıq. O ağlaya-ağlaya deyir ki, bu xalqı bu bəladan qurtarsa, ancaq Heydər Əliyev qurtaracaq. Bax, xocalıların mövqeyi, yəni bünövrədən belə olubdur, bu gün də belədir, gələcəkdə də biz Heydər Əliyev siyasətinin müdafiəçiləri, qoruyucuları və daşıyıcıları olaraq yaşayacağıq.
            -  11 apreldə Azərbaycanda Prezident seçkiləri günüdür. Azərbaycanda demokratik seçkilərin keçirilməsi üçan yaradılan şəraiti və xalqımızın bu seçkiyə olan marağını necə dəyərləndirirsiniz? 
            - Seçkilərə hazırlıq prosesini yaxından izləyirəm. Azərbaycanın seçki qanunvericiliyi dünyanın ən mütərəqqi inkişaf etmiş dövlətlərində seçki qanunvericiliyinə, seçki ilə bağlı beynəlxalq qanunvericiliyin tələblərinə uyğundur. Ölkəmizdə seçkilərə başlanan gündən bütün proseslər müvafiq qrafikə uyğun, təqvimə uyğun mərhələ-mərhələ demokratik qaydada, qanunçuluğa əməl olunmaqla yerinə yetirilir. Prezident seçkiləri demokratik, şəffaf keçiriləcək, xalq öz iradəsini ortaya qoyacaq və prezidentini seçəcək. Xalq o prezidentini seçəcək ki, prezidentliyi dövründə yeni güclü bir Azərbaycan yaradıbdır. Bütün sahələrdə inkişafa nail olmuşuq. Dövlətimizin nüfuzu, tanınması, ən yüksək tribunalardan səsinin gəlməsi, ölkəmizdə mötəbər tədbirlərin, arışların keçirilməsi Cənab Prezidentimiz İlham Əliyevin göz qabağında olan əməli fəaliyyətidir. Xalq düzgün seçim edəcək. Azərbaycan xalqı bu seçkilərdə də öz müdrikliyini görsədib, öz iradəsini ifadə edəcəkdir. İnşallah, aprel ayının 11-də prezidentimizi seçəcəyik.
            - Azərbaycanın sürətli inkişafı dünyanın diqqətini cəlb etmişdir. Ölkəmizin bu tərəqqisi 11 aprel Prezident seçkilərinə olan beynəlxalq marağı hansı dərəcədə artırır?
            - Bu gün Azərbaycan illər ərzində həyata keçirtdiyi beynəlxalq layihələrlə bir növ mərkəzçi rolu oynaya bildi. Neft-qaz kəmərlərimiz, İpək Yolu layihələri, Bakı - Tbilisi - Qars dəmiryolu xətti, Azərbaycan - Rusiya avtomobil və dəmiryol xətləri və bunun kimi çoxlu sayda layihələr Azərbaycanı regionun lider ölkəsinə çevirmişdir. Azərbaycan bu gün Orta Asiyanı Uzaq Şərqi Avropa ilə, Qərblə, Cənubu Şimalla, Şimalı Cənubla əlaqələndirir. Bu, Azərbaycanın apardığı çox uğurlu siyasətin  nəticəsidir.
            Uğurlarımız Azərbaycana olan marağı, təbii ki, artırır. Ancaq bu maraqların heç də hamısı xoşməramlı deyil. Burada Azərbaycana qarşı müəyyən qüvvələrin paxıllıqdan irəli gələn qarayaxma kampaniyaları da var. Bütün siyasi kampaniyalarda, o cümlədən seçkilər ərəfəsində hansısa mərkəzlərdən Azərbaycana qarşı şər-böhtan kampaniyaları başlanılır. Bu gün də belədir. Ancaq bunu uzun illər davam etdirməklə nəyə nail olublar? Heç bir şeyə. Əksinə, Azərbaycan bu şərçilərdən, qarayaxanlardan, böhtançılardan müdafiə olunmaq üçün özünü daha da gücləndirib, özünün nüfuzunu, hörmətini daha da artırır. Hüquqi və demokratik məsələləri daha da önə çəkir və inkişaf etdirir. Deməliyəm ki, Azərbaycanın dünyada bir o qədər dostları mövcud deyil. Beynəlxalq qurumlar və dövlətlər içərisində Azərbaycanı istəməyən qüvvələr də var. Həmin qüvvələr müəyyən mərkəzlərdən idarə olunurlar, erməni lobbilərinin fitvasına gedirlər. Bütün bunlara qarşı dövlətimiz mübarizə apara-apara gəlib, bu gün də mübarizəsini davam etdirir, gələcəkdə də mübarizə aparacaqdır. Bu təbiidir. Ancaq bunlara qarşı yüksək səviyyədə mübarizə aparıb, həmişə qalib gəlmək üçün biz iqtidar-xalq birliyi yarada bilmişik. Azərbaycanda uzun illərdir ki, iqtidar-xalq birliyi mövcuddur və gündən-günə də güclənir, möhkəmlənir. Mənə belə gəlir ki, bizim işimiz, fəaliyyətimiz, inkişafımız ən yaxşı mübarizə metodudur.

    Müsahibəni apardı: Qalib BƏYMƏMMƏDOĞLU

    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi6 il öncə
    İzlənib40 dəfə
    Azərbaycanda uzun illərdir ki iqtidar xalq birliyi mövcuddur gündən günə güclənir möhkəmlənir

    Maraqlı gələ bilər
    52
    32
    81
    53